"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bahadur Kərimov: “Düşünürəm ki, bələdiyyələrin birləşməsinə ehtiyac vardır”

--2019-07-30 / 20:06

Bu gün Azərbaycan vəkilliyinin 100 yaşı tamam olur. Məlum olduğu kimi, 30 iyul 1919-cu il tarixi - Azərbaycan Xalq Cümhuriyyətində Andlı Müvəkkillər şurasının təşkili və yaradılma günü Azərbaycanda milli vəkilliyin təşəkkül tapma tarixi kimi əlamətdardır.

Bizdə tanınmış vəkil Bahadur Kərimovla məhz bu əlamətdar gündə görüşüb bələdiyyələri narahat edən bəzi məsələlərə aydınlıq gətirmək istədik.

Qeyd edək ki, Bahadur Kərimov uzun illər ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində çalışmış, həm nəzəri, həmdə praktik baxımdan bu sistemin problemlərini yaxından bilir. Elə ilk sualımızda bu il keçiriləcək bələdiyyə seçkiləriylə bağlı olur.

-Bu il bələdiyyə seçkiləri keçiriləcək. Eyni zamanda, bu il bələdiyyələrin yaranmasının 20 ili tamam olur. Necə fikirləşirsiniz artıq bələdiyyə institutu Azərbaycanda tam olaraq formalaşıb deyə bilərikmi?

-Qeyd edim ki, 20 il bələdiyyələrin formalaşması üçün az bir müddət deyil, ancaq təəssüflə də olsa deməliyəm ki, cəmiyyətdə bələdiyyələrin fəaliyyəti qənaətbəxş hesab olunmur. Həm yerli özünüidarəetmə sahəsində bələdiyyələrin tam səlahiyyətlərə malik olmaması, həm də yerli əhalinin bələdiyyələrin fəaliyyətinə inamının aşağı olması, onlar tərəfindən kifayət qədər bu sahəyə maraq və dəstəyin göstərilməməsi bunun başlıca səbəblərindəndir. Demək olar ki, bələdiyyə institutunun layiq olduğu nüfuza yiyələnməsi üçün hələ çox addımlar atılmalıdır.

- Sizcə bələdiyyələrin birləşməsinə zərurət varmı?

-1999-cu ildə ölkəmizdə 2753 bələdiyyə yaranmışdır. Daha sonra onların birləşmə barədə qəbul etdikləri qərarlar əsasında 2009-cu və 2014-cü illərdə 1000-dən çox bələdiyyənin birləşməsi həyata keçirilmişdir ki, hazırda ölkədə 1607 bələdiyyə fəaliyyət göstərməkdədir.

-Düşünürəm ki, bələdiyyələrin birləşməsinə ehtiyac vardır. Hər halda ölkəmiz üçün onların sayı 1000-dək olsa daha səmərəli olar. Kiçik büdcəli, əhalisinin sayı az olan bələdiyyələrin birləşməsi yolu ilə yeni daha güclü bələdiyyələrin yaranması məqsədəuyğundur.

- Bələdiyyələrin birləşməsi qanunvericiliklə necə tənzimlənir?

- “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanunun (14 aprel 2000-ci il tarixli, 858-IQ nömrəli) 1-ci maddəsinə əsasən bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyətlə əlaqədar, tarixi və digər yerli xüsusiyyətləri, müvafiq yerli əhalinin rəyini nəzərə almaqla birləşərək, yaxud ayrılaraq yeni bələdiyyə təşkil edə bilərlər.

Həmin Qanunun 2-ci maddəsinə görə bələdiyyələrin birləşməsi aşağıdakı qaydada həyata keçirilir:

- birləşən hər bir bələdiyyədə onun ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin bələdiyyələrin birləşməsi məsələsinə münasibət bildirməsini təmin edən yığıncaq (yığıncaqlar) keçirilir;

- yığıncaqda (yığıncaqlarda) iştirak etmiş vətəndaşların yarısından çoxu bələdiyyələrin birləşməsinin “lehinə” səs verdikdə, bələdiyyələr tərəfindən onların birləşməsi haqqında qərar qəbul edilir və baxılmaq üçün Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunur;

- Azərbaycan Respublikasının Milli Məclisi bələdiyyələrin birləşməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edir.

Qanunun 8-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bələdiyyələrin birləşməsi, ayrılması və ləğv edilməsi ilə bağlı qəbul edilmiş qərar qüvvəyə mindikdən sonra bələdiyyələrin birləşməsi, ayrılması və ləğvi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün Nazirlər Kabinetinin qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri və bələdiyyə üzvlərindən ibarət komissiyalar yaradılır.

Nəzərinizə çatdırım ki, Qanunun 7-ci maddəsinə uyğun olaraq bələdiyyələr birləşmədən də onların səlahiyyətlərinə aid edilən iqtisadi, sosial, mədəni, ekoloji və digər sahələrdə fəaliyyətin səmərəsini artırmaq və qarşılıqlı əlaqələri möhkəmləndirmək məqsədi ilə birgə fəaliyyət göstərə bilərlər.

Bələdiyyələrin birgə fəaliyyət göstərməsi bələdiyyələrin qərarına əsasən həyata keçirilir. Birgə fəaliyyət göstərmək üçün bələdiyyələr arasında birgə fəaliyyətin sahələri, maliyyələşdirmə qaydaları, müddətlər və digər şərtlər göstərilməklə müqavilə bağlanılır.

Hüquq varisliyi ilə bağlı qeyd edim ki, Qanunun 6-cı maddəsinə və Mülki Məcəllənin 56.1-ci maddəsinə uyğun olaraq bələdiyyələr birləşdikdə onların mülkiyyəti, hüquq və vəzifələri hüquq varisliyi qaydasında yeni yaradılmış bələdiyyəyə keçir.

Belediyye.info

 

ŞƏRHLƏR